Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında
BİRGƏ BƏYANNAMƏ
2015-12-10 20:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 8-11 dekabr 2015-ci il tarixində Çində dövlət səfərində olmuşdur.

 

Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dövlət başçıları (bundan sonra "Tərəflər") dostluq və qarşılıqlı etimad şəraitində ikitərəfli münasibətlərə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair ətraflı fikir mübadiləsi apardılar. Nəticədə məsələlərin geniş spektri üzrə qarşılıqlı anlaşma əldə edildi.

 

Hər iki Tərəf diplomatik münasibətlərin qurulmasından sonra bütün sahələrdə əldə olunmuş ikitərəfli əməkdaşlığın nəzərəçarpan nailiyyətlərini təqdir edərək belə bir nəticəyə gəldilər ki, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq münasibətləri iki ölkə və xalqın əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı regional sülh və sabitlik naminə birgə inkişaf və çiçəklənməyə imkan yaradır.

 

Tərəflər Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə yönələn ümumi səylərə əsaslanaraq aşağıdakıları bəyan edirlər:

 

1. Tərəflər bundan sonra da mövcud qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı mənfəət münasibətlərini inkişaf etdirəcək, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Dostluq Münasibətlərinin Əsasları haqqında 7 mart 1994-cü il tarixli Birgə Bəyanatın və Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 17 mart 2005-ci il tarixli Birgə Bəyannamənin müddəalarına ciddi riayət edəcək, iki ölkə xalqlarının mənafeyi naminə Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı məqsədi ilə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətini rəhbər tutacaqlar.

 

2. Tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolunda bir-birinə qətiyyətli dəstək verməyə, həyati əhəmiyyətli maraqlar və əsas problemlər, həmçinin dövlət müstəqilliyi, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsinə yönəldilmiş səylərlə bağlı məsələlərə dair mövqeləri qarşılıqlı dəstəkləməyə davam edəcəklər.

 

Azərbaycan tərəfi vahid Çin prinsipinin tərəfdarı olduğunu bir daha təsdiq edir, Tayvan məsələsinin tamamilə və bütövlükdə Çinin daxili işi olduğunu hesab edərək, "Tayvanın müstəqilliyi"nin hər hansı formasına qarşı çıxır, Tayvan ilə hər hansı rəsmi əlaqələrin qurulmasından imtinanı təsdiqləyir, Tayvan boğazının iki sahili arasında münasibətlərin sülh yolu ilə inkişafını, həmçinin Çin Hökumətinin ölkənin birləşdirilməsi səylərini dəstəkləyir.

 

Çin tərəfi Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edir və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair" müvafiq qətnamələrinə riayət olunmasına çağırır, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, həmçinin beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir. Tərəflər Tərəflərdən birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, üçüncü tərəflə bu kimi müqavilələrin bağlanması istiqamətində addımlar atmadıqlarını, ərazilərində digər Tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan edirlər.

 

3. Tərəflər ikitərəfli münasibətlərin siyasi bazasının gücləndirilməsi məqsədi ilə yüksək səviyyədə əlaqələrin daha da möhkəmləndirilməsinin, iki ölkə rəhbərlərinin səfərlərinin mübadiləsinin intensivləşdirilməsinin, parlamentlər, hökumətlər, siyasi partiyalar, ordular və dost ictimai birliklər arasında əlaqələrin və əməkdaşlığın artırılmasının vacibliyini qeyd etdilər.

 

4. Tərəflər iki ölkənin hərtərəfli əməkdaşlığı üçün yeni imkanların yaranması baxımından İpək Yolu İqtisadi Kəmərinə dair Çinin təşəbbüsünü dəstəkləyir və təşəbbüsün həyata keçirilməsi üçün birgə səylər göstərməyə hazırdırlar. Tərəflər "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu"nun imzalanması sayəsində yaranmış imkanlardan istifadə etməyə, istehsalat sahəsində fəal əməkdaşlıq etməyə, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə hazırdırlar.

 

Tərəflər ticarət-iqtisadi əməkdaşlığın Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olduğu barədə yekdil fikirdədirlər və iki ölkənin əməli əməkdaşlığının dərinləşdirilməsində Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın mühüm rolunu yüksək qiymətləndirirlər. Tərəflər ticarətin genişləndirilməsi, ticarət strukturlarının optimallaşdırılması, ticarət prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların və texniki-iqtisadi əməkdaşlığın artırılması, investisiya mühitinin yaxşılaşdırılması, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması və sərmayəçilərin qanuni hüquq və maraqlarının təmin olunması üçün əməli addımlar atmağa hazırdırlar.

 

Tərəflər maliyyə sahəsində, o cümlədən ikitərəfli ticarət və sərmayələrdə milli valyuta ilə hesablaşmaq imkanlarının öyrənilməsi üzrə əməkdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinə, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılmasına yardım etməyə, ticarətin və layihələrin maliyyələşdirilməsi üçün banklar arasında əməkdaşlığı genişləndirməyə, prioritet birgə layihələrə maliyyə dəstəyi göstərməyə hazırdırlar.

 

Tərəflər kənd təsərrüfatı sahəsində əməli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, bitkiçilik, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı və ticarəti üzrə əməkdaşlıq imkanlarının müəyyən edilməsində maraqlıdırlar.

 

Tərəflər bundan sonra da iki ölkənin hava daşıyıcılarının fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına səy göstərməyə, iki ölkənin hava daşımaları bazarının sabit inkişafına və iki ölkənin mülki aviasiya sahəsində əməkdaşlığının davamlı dərinləşməsinə yardım etməyə hazırdırlar.

 

Tərəflər hava nəqliyyatı sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və əməkdaşlığın davamlı dərinləşməsi məqsədi ilə aviasiya qurumları arasında əməkdaşlıq mexanizminin təsis edilməsinə yardım göstərmək barədə razılığa gəldilər. Tərəflər rabitə sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə, Çinin istehsalçı və operator şirkətlərinin Azərbaycan iqtisadiyyatının qurulmasında və inkişafında iştirakını fəal dəstəkləməyə hazırdırlar.

 

5. Tərəflər təhsil, mədəniyyət, elm və texnika, ətraf mühitin qorunması, turizm, kinematoqrafiya, televiziya və digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə və genişləndirməyə hazırdırlar.

 

Tərəflər təhsil sahəsində mübadilə və əməkdaşlığa böyük əhəmiyyət verərək, əməkdaşlıq imkanlarını daha da genişləndirəcək, təhsil üzrə ikitərəfli əməkdaşlığın inkişafına birgə yardım göstərəcəklər.

 

Tərəflər humanitar sahədə müxtəlif formalarda mübadilə və əməkdaşlığı təşviq edirlər, bu haqda yeni illik protokol imzalayacaq və həyata keçirəcəklər, Böyük İpək Yolunun mədəni dəyərini müəyyənləşdirəcək və istifadə edəcəklər, İpək Yolu mövzusunda birgə mədəni tədbirlər keçirəcəklər.

 

Tərəflər elm və texnika sahəsində qarşılıqlı faydalı əməkdaşlığı fəal şəkildə irəli aparacaq, iki ölkənin bir-birini tamamlamasından tam şəkildə istifadə edəcəklər, ikitərəfli elmi-texniki əməkdaşlıqda yeni irəliləyişlər əldə edəcəklər.

 

Tərəflər ətraf mühitin qorunması sahəsində əməkdaşlığı istər ikitərəfli səviyyədə, istərsə də regional və beynəlxalq formatda inkişaf etdirəcəklər.

 

Tərəflər turizm sahəsində əməkdaşlığı fəallaşdıracaq, ikitərəfli turist axınının artırılmasına lazımi şərait yaradacaqlar.

 

Tərəflər radio, kino və televiziya sahəsində mübadilə və əməkdaşlığı dəstəkləyir, iki ölkənin tarixi, mədəniyyəti və sosial inkişafını əks etdirən əsərlərin birgə istehsalı və nümayişini təşviq edirlər, radio və kino festivallarında qarşılıqlı iştirak edirlər.

 

6. Tərəflər insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinin bütün ölkələrin suverenliyinə hörmət və onların daxili işlərinə qarışmama kimi sarsılmaz prinsiplərə əsaslanmalı olduğunu hesab edir, insan hüquqları məsələləri üzrə ikili standartların tətbiq olunmasına, həmçinin bu məsələlərin siyasiləşdirilməsinə, insan hüquqlarının müdafiəsi pərdəsi altında digər dövlətlərin daxili işlərinə qarışmağa qarşı çıxırlar. Tərəflər istər ikitərəfli, istərsə də çoxtərəfli formatda insan hüquqları sahəsində əlaqələri və əməkdaşlığı fəallaşdıracaqlar.

 

7. Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq birliyə ciddi təhlükə yaratdığını və bu təhdidlərin qarşısının alınması və onlara qarşı mübarizə üçün birgə səylər göstərilməsinin zəruriliyini qeyd edirlər. Tərəflər bundan sonra da terrorizmlə mübarizə üzrə qarşılıqlı fəaliyyəti möhkəmləndirəcək, strateji məsələlərə dair dialoq və terrorizmə qarşı fəaliyyət üzrə məsləhətləşmələr mexanizmi yaradacaq, hər iki ölkənin təhlükəsizliyi və sabitliyinin qorunması məqsədi ilə təmasları və əlaqələndirməni təşviq edəcəklər. Tərəflər bundan sonra da BMT Nizamnaməsi və terrorçuluğa qarşı müvafiq beynəlxalq müqavilələr əsasında müdafiə qurumları, hüquq-mühafizə, xüsusi xidmət və məhkəmə orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyəcək, terrorizm, çirkli pulların yuyulması, narkotiklərin və silahların qeyri-qanuni dövriyyəsi, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı birgə mübarizə aparacaqlar.

 

Tərəflər hərbi nümayəndə heyətlərinin mübadiləsini, hərbi kadrların hazırlanmasını, hərbi yardım göstərilməsini və digər formalarda əməli əməkdaşlığı davam etdirməyə hazırdırlar.

 

8. İkinci Dünya müharibəsində böyük qələbənin beynəlxalq və tarixi əhəmiyyətinin şübhə doğurmadığı qeyd edildi. Hər iki dövlət və xalq həmin tarixi daim yadda saxlayacaq, beynəlxalq birlik, sülhsevər ölkələr və xalqlarla birgə İkinci Dünya müharibəsində qələbənin nəticələrini və beynəlxalq ədaləti müdafiə edəcək, BMT-nin Nizamnaməsi, məqsəd və prinsiplərinə əsaslanan dünya düzəninin və beynəlxalq sistemin saxlanılması, həmçinin yeni müharibələrin və münaqişələrin qarşısının alınması üçün əlaqəli şəkildə davamlı səylər göstərəcəklər.

 

9. Tərəflər hər iki dövlətin bundan sonra da beynəlxalq təşkilatlarda, xüsusilə də BMT-də əlaqələri və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını hesab edirlər.

 

Tərəflər iki ölkənin ümumi maraqlarının müdafiəsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı fəaliyyət və əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

 

Tərəflər Asiya İnfrastruktur İnvestisiyalar Bankının təsisçi dövlətləri olaraq, AİİB-in tezliklə fəaliyyətə başlayacağına və onun beynəlxalq maliyyə sisteminə qoşulacağına, həmçinin AİİB-in Asiya regionunda infrastruktur tikintisi çatışmazlığı probleminin həllinə yardım edə biləcək "kompakt, dürüst və yaşıl" təşkilat olacağına ümid edirlər.

 

Çin tərəfi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə daxil olmasını dəstəkləyir və əmindir ki, bu ÜTT-nin universallıq və təmsilçiliyinin möhkəmlənməsinə və həmin çoxtərəfli ticarət mexanizminin nüfuzunun artmasına xidmət edəcək, həmçinin Tərəflər arasında ümumi qaydalar əsasında əməkdaşlığa yardım edəcəkdir.

 

10. Tərəflər hazırkı səfər zamanı əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə yeni təkan verəcəyində, iki ölkənin ənənəvi dostluğunun möhkəmlənməsinə xidmət edəcəyində, həmçinin iki ölkə xalqlarının mənafeyi naminə birgə inkişafa və çiçəklənməyə yardım edəcəyində yekdil fikirdədirlər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan nümayəndə heyətinə göstərilən səmimi və dost qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə və Çin xalqına minnətdarlığını bildirir və Sədr Si Cinpini tərəflər üçün münasib zamanda Azərbaycana səfər etməyə dəvət edir. Çin Xalq Respublikasının Sədri Si Cinpin dəvəti məmnunluqla qəbul etdi. Səfərin tarixləri diplomatik kanallarla razılaşdırılacaqdır.

 

 

 

Azərbaycan Respublikasının

Prezidenti

İlham ƏLİYEV

Çin Xalq Respublikasının

Sədri

Si CİNPİN

 
 

10 dekabr 2015-ci il Pekin şəhəri

EndFragment