Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında Birgə Bəyannamə
2005-03-17 20:09

Çin Xalq Respublikasının Sədri Zati-Aliləri cənab Xu Tzintaonun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev 2005-ci il 17 mart tarixindən 19 mart tarixinə qədər Çin Xalq Respublikasında dövlət səfərində olmuşdur.

 

1. Tərəflər sülh və inkişafın dövrün əsas amal olaraq qaldığını və bütün dünya xalqlarının ümumi arzusu olduğunu qeyd edirlər. Beynəlxalq ictimaiyyət məsləhətləşmələri fəallaşdırmalı, dünya müxtəlifliyini qorumalı və istər müxtəlif sivilizasiyalar, istərsə də inkişaf modelləri arasında qarşılıqlı faydalanmaya kömək etməlidirlər. Tərəflər BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla tanınmış normaları əsasında dinc, sabit, ədalətli və səmərəli yeni beynəlxalq siyasi və iqtisadi qaydanın yaradılmasına tərəfdardır, bütün dünyada sülh və təhlükəsizliyin müdafiə edilməsində, habelə ümumi inkişafa yardım edilməsində BMT-nin nüfuzunun möhkəmlənməsini və onun aparıcı rolunu dəstəkləyir və dünyanın müxtəlif inkişaf modellərinin həyata keçirilməsinə kömək edirlər.

 

2. Tərəflər birgə səylər sayəsində Azərbaycan-Çin münasibətlərinin siyasi, iqtisadı və mədəni əsaslarının daha da möhkəmləndiyini məmnunluqla vurğulayırlar. Azərbaycan və Çin ənənəvi dostluq münasibətlərini möhkəmləndirməyə, daha müxtəlif sahələrdə mübadilələri genişləndirməyə, beynəlxalq məsələlər üzrə əməkdaşlığı fəallaşdırmağa və bütün dünyada sülh və sabitliyin təmin olunmasına səy göstərməyə hazırdırlar.

 

3. Tərəflər hər iki ölkənin dövlət rəhbərləri arasında səfər mübadiləsinin və yüksək səviyyədə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətini qeyd edərək, bu ənənənin dəstəklənməsi, hər iki ölkə arasında siyasi və iqtisadi əlaqələri və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək məqsədilə istər dövlət, hökumət və parlament rəhbərləri, istərsə də nazirlik və idarə rəhbərləri səviyyəsində ikitərəfli dialoq və məsləhətləşmələrin davam etdirilməsi zərurətini bəyan edirlər. Tərəflər 7 mart 1994-cü il tarixli "Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında Dostluq Münasibətlərinin Əsasları haqqında Birgə Bəyanat"ın müddəalarını rəhbər tutaraq, ikitərəfli əməkdaşlığın bütün sahələrində müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə səy göstərəcəklər.

 

4. Tərəflər hər iki ölkənin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə ticari-iqtisadi əməkdaşlıq potensialını üzə çıxarmaq üçün hər iki ölkənin hökumətlərinin fəal tədbirlər görməli olduqları fikrində həmrəydirlər. Tərəflər neft, neft-kimya sənayesi, yüngül sənaye, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və infrastrukturun digər sahələrində hər iki ölkənin müəssisələri arasında bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığın genişləndirilməsini təşviq edir və dəstəkləyirlər. Ticari-iqtisadi əməkdaşlıq üzrə Çin-Azərbaycan Hökumətlərarası Komissiyası bu prosesdə fəal rol oynayacaqdır. Çin tərəfi Azərbaycan tərəfinin Çinin qərb regionlarının irimiqyaslı inkişafında iştirak etməsini alqışlayır.

 

5. Çin tərəfi Azərbaycanın müstəqilliyinin bərpa edildiyi gündən cəmiyyətdə sabitliyin təmin edilməsində və iqtisadiyyatın dinamik inkişafında əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir. Çin tərəfi son illər ərzində ikitərəfli ticari-iqtisadi əməkdaşlığın nəticələrindən məmnunluğunu ifadə edir. Çin Azərbaycanın yaxın gələcəkdə Ümumdünya Ticarət Təşkilatına qəbul olunmasını dəstəkləyir və bunun ÜTT-nin universallıq və təmsilçilik səviyyəsinin artmasına, çoxtərəfli ticarət mexanizminin təsirinin genişlənməsinə və ümumi qaydalar əsasında Çin və  Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinə yardım edəcəyinə əmindir. Azərbaycan islahat və açıqlıq siyasətinin aparıldığı illər ərzində Çinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir və onun tam bazar iqtisadiyyatlı dövlət statusunu tanıyır. Çin tərəfi ölkənin sosial-iqtisadi inkişafının təşviqi işində Azərbaycan tərəfinin səylərini gələcəkdə də dəstəkləməyə hazır olduğunu ifadə edir.

 

6. Tərəflər Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi layihəsinin inkişafı naminə iki ölkə arasında nəqliyyat və bütün növ yük daşımaları istiqamətində həm regional çərçivədə, həm də ikitərəfli formatda əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirlər.

 

Tərəflər Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə Sosial-İqtisadi Təşkilatı çərçivəsində, "Asiya avtomobil yolları şəbəkəsi haqqında Hökumətlərarası Saziş"ə uyğun olaraq, habelə Trans-Asiya nəqliyyat layihəsi çərçivəsində nəqliyyat sahəsində yeni layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün ölkələrinin aidiyyəti qurumları arasında sıx əməkdaşlığı təşviq edəcəklər.

 

7.  Tərəflər humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsinə kömək edəcək, mədəniyyət, elm, təhsil, turizm, idman və informasiya sahəsində mübadilələri fəallaşdıracaqlar. Tərəflər bütün imzalanmış razılaşmaları, müxtəlif növ gənclər və tələbə mübadiləsini, dillərin tanıtdırılmasını, mütəxəssislərin hazırlanmasını lazımi qaydada həyata keçirmək, ali elmi müəssisələr və elmi tədqiqat institutları arasında birbaşa təmasları təşviq etmək, regionlararası əlaqələrə və ictimai əsaslarda əlaqələrə kömək etmək niyyətindədirlər. Tərəflər bank-maliyyə sahəsində əməkdaşlığın inkişafı və birgə investisiya layihələrinin gerçəkləşməsi üçün birgə səylər göstərəcəklər.

 

Tərəflər ikitərəfli, regional və qlobal səviyyələrdə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa başlayacaq və onu inkişaf etdirəcəklər.

 

Tərəflər hərbi sahədə hər iki ölkənin təhlükəsizliyinin təmini maraqlarına cavab verən və üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərinə zidd olmayan əməkdaşlığı və əlaqələri həyata keçirəcək və inkişaf etdirəcəklər.

 

8. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq çərçivəsində BMT və onun müxtəlif strukturları, habelə digər beynəlxalq və regional təşkilatların fəaliyyətində öz aralarındakı qarşılıqlı fəaliyyəti müsbət qiymətləndirirlər. Tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq və regional məsələlər üzrə məsləhətləşmələri gələcəkdə də fəallaşdırmağa hazır olduqlarını təsdiq edirlər.

 

9. Azərbaycan tərəfi təsdiq edir ki, dünyada yalnız bir Çin var, Çin Xalq Respublikasının Hökuməti Çini təmsil edən yeganə qanuni dövlətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir. Azərbaycan tərəfi Tayvanla hər hansı bir formada rəsmi münasibətlər qurmamağa, onunla hər hansı rəsmi xarakterli təmaslarda olmamağa sadiq olduğunu təsdiq edir, hər hansı bir formada olmasından asılı olmayaraq, "iki Çin" və ya "bir Çin, bir Tayvan"ın yaradılması səylərinə, "müstəqil Tayvan"a qarşı çıxış edir. Azərbaycan tərəfi "Tayvanın müstəqilliyi" separatçı qüvvələrinin qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsində, "Ümumçin Xalq Nümayəndələri Yığıncağı"nın qəbul etdiyi "Separatçılıq əleyhinə Qanun" da daxil olmaqla, Tayvan boğazı rayonunda və ümumilikdə Asiya-Sakit Okean regionunda sülh və sabitliyin təmin edilməsində və möhkəmlənməsində Çinin səylərini dərk edir və dəstəkləyir. Çin tərəfi Azərbaycan tərəfinin bu mövqeyini yüksək qiymətləndirir.

 

10.  Tərəflər mövcud və daim artmaqda olan terrorizmin, separatizmin və ekstremizmin yalnız suveren dövlətlərin təhlükəsizliyinə deyil, eyni zamanda bütün dünyada sülh və sabitliyə ciddi təhlükə törətdiyini vurğulayırlar. Belə təhlükələrin səmərəli şəkildə qarşısının alınması yalnız birgə səylər əsasında birgə fəaliyyətlə mümkündür.

 

Tərəflər beynəlxalq terrorizm, narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, pulların leqallaşdırılması, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri və qeyriqanuni silah alveri ilə mübarizənin aparılması da daxil olmaqla, yeni qlobal çağırış və təhlükələrə qarşı fəaliyyət göstərmək məqsədilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyirlər.

 

 Tərəflər terrorizmin, separatizmin, ekstremizmin hər cür təzahürünü pisləyir, onlara qarşı qətiyyətlə çıxış edir və BMT Nizamnaməsi və digər müvafiq beynəlxalq antiterrorçuluq razılaşmaları çərçivəsində onlara qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirməyə, bununla yanaşı hər iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı fəaliyyəti dəstəkləməyə hazır olduqlarını bildirirlər.

 

11. Çin tərəfi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyir və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair müvafiq qətnamələrinə əməl edilməsinə çağırır, bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu bildirir, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyir.

 

12. Hər iki tərəf insan hüquqları sahəsində beynəlxalq dialoqun və əməkdaşlığın inkişaf etdirilməsinə çağırır, beynəlxalq siyasətdə ikili standartlara qarşı çıxış edir. Tərəflər həmçinin, insan hüquqları məsələlərində məsləhətləşmələr və fikir mübadiləsi vasitəsilə qarşılıqlı anlaşmanın dərinləşməsinə, ikitərəfli münasibətləri birlikdə inkişaf etdirilməsi və insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq işin sağlam şəkildə inkişaf etdirilməsinə kömək məqsədilə həmin məsələ üzrə çoxtərəfli formatda qarşılıqlı dəstəyin və əməkdaşlığın möhkəmlənməsinə səy göstərəcəklər.

 

13.  Səfər çərçivəsində Tərəflər arasında aşağıdakı sənədlər imzalanmışdır: Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında təslimetmə haqqında Müqavilə; Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə texniki dəstəyi haqqında Memorandum; Çin Xalq Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş; Çin Xalq Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Saziş; Çin Xalq Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş; Çin Xalq Respublikası Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında 2005-2009-cu illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Protokol; Ümumçin Gənclər Federasiyası ilə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş; Çin Mərkəzi Televiziyası  və Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti arasında Əməkdaşlıq Sazişi; Çin Xalq Respublikasının İnformasiya Sənayesi Nazirliyi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu; Çin Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi arasında Texniki və İdman Əməkdaşlığı haqqında Saziş və Çin Xalq Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş.

 

14. Tərəflər Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasındakı dostyana əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsinin üçüncü ölkələrə qarşı yönəlmədiyini və onların maraqlarına xələl gətirməyəcəyini bəyan edirlər.

 

 

 

  ÇİN XALQ                                                           AZƏRBAYCAN

RESPUBLİKASININ                                             RESPUBLİKASININ

   SƏDRİ                                                                 PREZİDENTİ

Xu TZİNTAO                                                           İLHAM ƏLİYEV

 

 

 

Pekin, 17 mart 2005-ci il